Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagird və xor kollektivləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar.

M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbinin şagirdləri Böyük Britaniyada təşkil olunmuş "Golden Time Talent" müsabiqəsində iştirak ediblər.

Baş idarədən bildirilib ki, onlayn keçirilən müsabiqədə simli alətlər nominasiyası üzrə 11-14 yaş kateqoriyasında məktəbin şagirdləri Dəniz Fərəcova və Mehinbanu Bayramlı I yerə, 15-17 yaş kateqoriyasında Ləman Hacıyeva (İ.Kamilova) I yerə, Xədicə Qənbərli (hər üç şagirdin müəllimi İradə Kamilova) isə II yerə layiq görülüb.

Fortepiano nominasiyasında 11-14 yaş kateqoriyasında Məlahət İbrahimli I yeriə, Gülbəniz Aşırlı (hər ikinin müəllimi Səadət Manafova) II yeri qazanıb.

***

C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin “Renessans” xoru (böyük yaş qrupu) və müəllimlərdən ibarət “Çinar” xoru Kazan şəhərində (Rusiya) onlayn keçirilən “Altın avaz” xor kollektivlərinin və vokal ansambllarının III beynəlxalq müsabiqəsində iştirak edib.

Hər iki kollektiv I və III dərəcəli diplomlara layiq görülüb və laureat adını qazanıb.

“Çinar” xorunun rəhbəri Aytən Cəfərova “Yaradıcı kollektivin ən yaxşı rəhbəri” xüsusi diplomuna, “Renessans” xorunun rəhbəri Nigar Səmədova “Ən yaxşı müəllim” xüsusi diplomuna, konsertmeyster Səadət Məmmədova isə “Ən yaxşı konsertmeyster” xüsusi diplomuna layiq görülüblər.

***

A.Məlikov adına 11 nömrəli Musiqi məktəbinin şagirdləri isə Almaniyada onlayn təşkil olunan I “International Art Competition Stars of Arts” beynəlxalq müsabiqəsinə qatılıblar.

Fortepiano ixtisası üzrə Duyğu Fərruxzadə (V sinif), Nərgiz Rəsulova (VIII sinif) I dərəcəli, VII sinif şagirdi Əsmər Hidayətli isə müşayiət nominasiyasında II dərəcəli diplomlara layiq görülüblər.