Bakı Dövlət Sirki “DZİVA” sirk şousu ilə yaz mövsümünə start verib.

Sirkin direktor vəzifəsini icra edən  Nahid Ağayev proqramın ilk nümayişinin valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də şəhid, qazi ailələrinin uşaqları üçün təşkil olunduğunu bildirib.

Diqqətə çatdırılıb ki, şounun təşkilatçısı Monte-Karloda beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur. Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər.

Parisdə sirk festivalında bürünc medal qazanan jonqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları – Oleq fon Suvorov və Andrey Jiqalov dueti, həmçinin proqramın süjetinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları ilə bənzərsiz sirk şousu təqdim edilir.

Bundan başqa, uçuş gimnastlar qrupunun qeyri-adi fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi rəng qatır.

Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsi maraq doğuracaq.

Qeyd edək ki, yeni yaz proqramı aprelin 30-dək həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.