Martın 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazarı Solmaz Amanovanın kiçikyaşlı oxucularla görüşü keçirilib.

Görüşdə yazıçı məktəblilərə “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” və digər kitabları haqqında ətraflı məlumat verib.

S.Amanova Azərbaycan xalqının şanlı tarixi, vətən uğrunda qəhrəman övladlarımızın apardığı mübarizələr, qədim diyarımız Qarabağ, mədəniyyət beşiyimiz Şuşa, daim torpaqlarımıza göz dikmiş erməni quldurları haqqında söz açıb. Deyib ki, biz düşmənlərimizi heç zaman unutmamalı, daim vətənimizin müdafiəsi, çiçəklənməsi üçün güclü olmalı, bu ənənəni yeni nəsillərə ötürməliyik.

Görüşdə həmçinin yazarın kitablarının elektron versiyası, əsərlərinə çəkilmiş animasiyalar və kitabları əsasında hazırlanmış interaktiv oyunlar da oxuculara təqdim edilib. Məktəblilər müəllifin sözlərinə bəstələnmiş mahnını ifa ediblər.