Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

192 il əvvəl...

 

5 mart 1831-ci ildə Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlayıb. Devrildikdən sonra İrana qaçan Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Talış (Lənkəran) xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Lənkəran üsyanı iki ay sürdü.

 

106 il əvvəl...

 

6 mart 1917-ci ildə Rusiyanın “Müvəqqəti hökumət”i Finlandiyaya muxtariyyət verib. Çar II Nikolay taxt-tacdan əl çəkəndən sonra bir neçə ay Rusiyanı idarə edən “Müvəqqəti hökumət” liberal siyasəti ilə tarixə düşdü. 1917-ci ilin Oktyabr inqilabından sonra hakimiyyəti ələ alan bolşeviklər də Finlandiyanın müstəqilliyi ilə barışmalı oldular. Finlandiya XVIII əsrin əvvəlində Şimal müharibəsi (Rusiya-İsveç) nəticəsində qismən Rusiyanın nəzarətinə keçmişdi.

 

100 il əvvəl...

 

5 mart 1923-cü ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradılıb. Sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. 1940-cı ildə XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitə yaradılıb, 1946-cı ildə Kinematoqrafiya Nazirliyi adlandırılıb, 1953-cü ildə ləğv edilərək funksiyaları yeni yaradılan Mədəniyyət Nazirliyinə verilib. 1963-1988-ci illərdə yenə Kinematoqrafiya Komitəsi fəaliyyət göstərib, sonra yenidən onun səlahiyyətləri Mədəniyyət Nazirliyinə verilib.

 

90 il əvvəl...

 

5 mart 1933-cü ildə Adolf Hitlerin Nasional-Sosialist Partiyası Almaniya parlamentinə (Bundestaq) seçkilərdə yerlərin yarısını əldə edib. Bir qədər əvvəl prezident Qindenburq Hitleri kansler təyin edərək koalision hökumət qurmağı ona tapşırmışdı. Parlament seçkisində qələbə sayəsində Hitler kansler postunda möhkəmləndi, Qindenburq vəfat edəndən (1934) sonra isə özünü Almaniyanın mütləq rəhbəri –  reyxsfürer elan etdi.

 

79 il əvvəl...

 

6 mart 1944-cü ildə SSRİ Xalq Komissarları Soveti “Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Qərarda Azərbaycan dilində ordu qəzeti nəşr etmək, Cənubi Azərbaycan yazıçı-şairlərinin əsərlərinin nəşri üçün Təbrizdə mətbəə açmaq, Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunun təşkili kimi məsələlər əksini tapmışdı.

 

70 il əvvəl...

 

5 mart 1953-cü ildə Sovet İttifaqını 31 il idarə etmiş İosif Vissarionoviç Stalin Kuntsevodakı (Moskva yaxınlığında) bağ evində vəfat edib. Stalin martın 2-də beyninə qansızması nəticəsində komaya düşmüşdü.

 

58 il əvvəl...

 

7 mart 1965-ci ildə Amerika dəniz piyadalarının desantı Cənubi Vyetnam sahillərinə çıxarılıb. ABŞ-nin Vyetnama qarşı müharibəsi başlayıb. Yeddi ilə yaxın sürən müharibədə amerikalılar istəklərinə nail ola bilmədilər və Vyetnamdan çıxmalı oldular.

 

31 il əvvəl...

 

6 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xocalı faciəsi ilə bağlı çağırılan fövqəladə sessiyasında Prezident Ayaz Mütəllibov istefa verməyə məcbur olub. Bir gün öncə spiker Elmira Qafarova da istefa vermişdi. Ali Sovetin sədri seçilən Yaqub Məmmədov prezident səlahiyyətlərini də icra etməyə başlayıb.

Hazırladı: V.Orxan