Antarktidada buz təbəqəsi azalır...

 

2023-cü ilin fevralında Antarktidada (Yer kürəsinin cənub qütbündəki materik) buz təbəqəsinin səviyyəsi 45 illik tarixi minimuma enib. Bu barədə ABŞ-ın Milli Qar və Buzlaqlar Data Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, buz təbəqəsinin səviyyəsi peyk ölçmələrinin aparılmağa başladığı 45 ildə ən aşağı səviyyəyə çatıb və fevral ayında ümumi sahəsi 1,79 milyon kvadrat kilometr olub.

Mərkəz bildirir ki, buz təbəqəsinin əriməsi hər yayda baş verir, qışda isə bərpa olur. Lakin son iki ildə qışda bu bərpa prosesi müşahidə olunmur.

Ümumiyyətlə, son illər Antarktidada havanın temperaturunun yüksəlməsi müşahidə olunur. İki il əvvəl Şərqi Antarktidada yerləşən Eymer şelf buzlağının peykdən çəkilmiş şəkillərini analiz edən alimlər bu yerdə 2019-cu ilin qışında görünən gölün yoxa çıxdığını görüblər. Həmin gölə yay vaxtı qar suyu yığılırdı. Tədqiqatçıların fikrincə, su kütləsi buz qatını deşərək okeana axıb. NASA peykinin çəkdiyi şəkillərin analizi göstərib ki, gölün yerində kraterə bənzəyən, sahəsi təqribən 11 kvadrat kilometr olan, səthi parçalanmış buzlarla örtülü çökəklik qalıb.

Hidroyarılma prosesi kiçik şelf buzlaqlarının dağılmasına tez-tez səbəb olur. Lakin belə miqyasda – qalınlığı təqribən 1400 metr olan Eymer buzlağındakı hidroyarılma ilə alimlər ilk dəfə qarşılaşıblar.

Antarktidada havanın temperaturunun yüksəlməsi ilə bəzi şelf buzlaqlarında güclü ərimə baş verir və proqnoz modelləri göstərir ki, bu tendensiya davam edəcək. Tədqiqatçıların fikrincə, şelf buzlaqlarının səthindəki qar suları onların dağılmasına səbəb olursa, sonda bu, dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq.

V.Kamal