2020-ci ilin Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarda 68300 hektar (683 kvadrat kilometr) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, təmizlənən ərazilərdə ümumilikdə 82 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

İşğaldan azad edilmiş rayonlar üzrə ən çox iş Ağdamda görülüb. Ötən müddətdə rayon üzrə 16 min hektardan çox sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

ANAMA-nın rəhbəri bildirib ki, bu ilin planına uyğun olaraq, rayon ərazisində daha 10 min hektardan çox ərazi təmizlənəcək. Ağdam rayonunun işğaldan azad edilən ərazisinin təxminən 25 faizi mina və partlamamış sursatlardan təmizlənib. Ağdamda artıq bir sıra layihələr yekunlaşıb.

ANAMA-nın 2023-cü ilin ikinci ayı üzrə məlumatında isə bildirilir ki, fevralın 1-dən 28-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 40, tank əleyhinə 116 mina və 1487 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Fevral ayı ərzində ümumilikdə 2470 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.