2022-ci ildən məskunlaşması başlanılan Zəngilan rayonunun yenidən inşa edilən Ağalı kəndində daha 20 evdə işıq yanacaq.

Fevralın 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Daha 10 ailə (50 nəfər) daimi məskunlaşmaq üçün Ağalıya yola düşüb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, bu mərhələdə köç ümumilikdə 94 nəfərdən ibarət 20 ailəni əhatə edəcək. Martın 3-də də 10 ailə doğma torpaqlara yola salınacaq.

Qeyd olunub ki, köçürülənlər ağır şəraitdə yaşayan, yarımçıq tikililərin, yataqxanaların sakinləridir. Onların məşğulluq işlərini də həll edilib. Müvafiq dövlət qurumları bu prosesi həyata keçiriblər. Sakinlər dövlət orqanlarında, xidmət sahələrində, iaşə obyektlərində, kənd təsərrüfatı sahələrində, tekstil sexində işləyəcəklər. Kənddə infrastruktur obyektləri, məktəb, bağça, poçt, tibb xidmətləri və s. istifadəyə verilib.

Xatırladaq ki, 2022-ci ildə iki mərhələdə Ağalıya 66 ailə köçürülmüşdü. Hazırkı üçüncü mərhələ də hesaba alınmaqla Ağalıya köçən əhali sayı ümumilikdə 420 nəfər – 86 ailə təşkil edir.