Xəbər verdiyimiz kimi, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun (ÖDİMİ) nümayəndə heyəti Bakıya səfər edib. Nümayəndə heyətinin ali təhsil müəssisələrində görüşlərində əməkdaşlıq məsələləri müzakirə olunub, memorandumlar imzalanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da Özbəkistanın institutu ilə əməkdaşlıq edəcək. Bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və ÖDİMİ-nin rektoru Eldor Şermanov tərəfindən memorandum imzalanıb.

İsa Həbibbəyli AMEA-nın Özbəkistanın elm və təhsil ocaqları ilə sıx əlaqələrinin mövcud olduğunu deyib. Qeyd olunub ki, iki ölkən alimlərinin birgə təşkilatçılığı ilə beynəlxalq konfranslar keçirilir. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir, Əlyazmalar İnstitutunda isə dahi şairin zəngin əlyazmaları qorunur.

Eldor Şermanov bildirib ki, mədəniyyət amili xalqların birləşməsində mühüm rol oynayır və rəhbərlik etdiyi qurum AMEA ilə əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Rektor ÖDİMİ-nin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq memorandumunun birgə konfransların təşkili, layihələrin həyata keçirilməsi və kadr hazırlığı işinə öz töhfəsini verəcəyini vurğulayıb.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru müxbir üzv Ərtegin Salamzadə Özbəkistanın bir sıra qurumları, o cümlədən Rəssamlıq Akademiyası ilə əməkdaşlıq etdiklərini, birgə konfranslar keçirdiklərini söyləyib.

İmzalanma mərasimində qarşılıqlı hədiyyələr təqdim edilib, qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar.