Mədəniyyət ocaqlarında tədbirlər

 

Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə fevralın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Heydər Əliyev və mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib.

Teatrın direktoru Naidə İsmayılzadə, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, teatrşünaslar – sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, yazıçı-dramaturq İlqar Fəhmi, Xalq artisti Yasin Qarayev, Əməkdar artist Nicat Kazımov və digər çıxış edənlər Heydər Əliyevin incəsənətə, teatra, ümumilikdə yaradıcı insanlara olan qayğısından söz açıblar.

Vurğulanıb ki, Heydər Əliyev mədəniyyətimizin böyük hamisi idi və Azərbaycana rəhbərliyinin hər iki dövründə teatr sənətinin də inkişafına böyük diqqət ayırır, premyeralara gəlir, bu sahədə yaradıcılıq prosesi ilə maraqlanır, dəyərli tövsiyələrini verirdi.

Çıxış edənlər Ulu öndərlə bağlı xatirələrini, bu xatirələrin yaratdığı xoş təəssüratları bölüşüblər.

***

Martın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbir keçirilib. Tədbirin qonağı bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov olub.

Görüş zamanı bəstəkarın həmkarları, sənət dostları – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadə, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, bəstəkar, Xalq artisti Elnarə Dadaşova onun yaradıcılığı haqqında çıxış edib, ürək sözlərini bölüşüblər.

Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik orkestr alətləri”, “Qələbəyə doğru... Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirilib.

Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun “Heydər Əliyev İli”nə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Sonda Məmmədağa Umudov iştirakçılara və tədbiri təşkil edən muzey əməkdaşlarına minnətdarlığını bildirib.