Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, coğrafi baxımdan daha ədalətli olmalı, Qoşulmama Hərəkatına daimi yer verilməlidir

 

Martın 2-də Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Bakı Konqres Mərkəzində keçirilən zirvə görüşünə 70-ə yaxın ölkənin nümayəndələri, o cümlədən  5 ölkənin – Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin – Kuba, Qabon və Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, həmçinin Dünya Turizm Təşkilatının baş katibi, Beynəlxalq Miqrasiya Təşkilatının, BMT-nin Cenevrədəki Bölməsinin baş direktorları, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, nazirlər, nazir müavinləri, səfirlər qatılıblar.

Dünyanın 120 ölkəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatına Azərbaycan 2019-cu ildən sədrlik edir. 60 ildən artıq tarixə malik və əhatə dairəsinə görə BMT-dən sonra dünyanın ikinci böyük təsisatı sayılan qurum məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycanın sədrliyinin böyük uğurlarından biri QH-nin təsisatlanması məsələsidir. Ölkəmizin sədrliyi dönəmində QH-nin Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub.

Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Üzv ölkələrin Azərbaycana tam etimadının nəticəsidir ki, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb.

Prezident İlham Əliyev zirvə görüşünü açaraq xatırladıb ki, üç ildən bir qədər çox əvvəl elə həmin bu zalda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edib: “Qürurla deyə bilərəm ki, Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub”.

Müzakirələrə başlamazdan əvvəl Azərbaycanın dövlət başçısının təklifi ilə iştirakçılar 6 fevralda Türkiyədə və Suriyada baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Sonda zirvə görüşünün gündəliyi təsdiq edilib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi sammitdə çıxış edib.

Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrliyinin daha bir il uzadılmasına görə iştirakçı ölkələrə minnətdarlığını ifadə edən İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Azərbaycan 2020-ci ilin mayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü: “Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib”.

Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”nə toxunan Azərbaycan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

Azərbaycanın əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdiyini deyən İlham Əliyev bildirib ki, ölkəmiz QH-nin institusional inkişafına güclü dəstək verir. Azərbaycanın təşəbbüsü ilə QH Parlament Şəbəkəsinin ilk iclası 2022-ci ilin iyununda Bakıda keçirilib. Bundan başqa, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”, – deyə dövlət başçısı bildirib.

 

“Soyuq müharibə”dən sonra ən ciddi qlobal qarşıdurmanın şahidiyik

 

Azərbaycan Prezidenti qeyd edib ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.

Dövlət başçısı vurğulayıb ki, bu gün dünya düzəni yenidən formalaşmaqdadır: “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.

 

Fransa müstəmləkə cinayətlərinə görə üzr istəməlidir

 

İlham Əliyev diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyıb: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.

 

Azərbaycan ilk dəfə BMT qətnamələrinin icrasını özü təmin etdi

 

Prezident vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayıb: “2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.

Dövlət başçısı nəzərə çatdırıb ki, işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılıb, bütün mədəni və dini abidələr talan və qarət edilib. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olub: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir”.

Prezident daha sonra deyib: “Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür, çünki minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir. Azərbaycan minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm”.

Dövlət başçısı diqqətə çatdırıb ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib: “Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm.

Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir”.

***

Daha sonra BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya çıxış ediblər. Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun videomüraciəti dinlənilib. Çıxış edənlər Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıblar.

Tədbir plenar sessiya ilə davam edib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq arenada rolu və nüfuzu əsaslı şəkildə artıb, bu mühüm platforma çərçivəsində ölkələr arasında çoxtərəfli əməkdaşlıq yeni səviyyəyə çatdırılıb. Şavkat Mirziyoyev bir sıra təşəbbüslər irəli sürüb, o cümlədən Qoşulmama Hərəkatının monitorinq və elmi tədqiqatlar üzrə xüsusi şəbəkəsinin yaradılmasını da təklif edib.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid qlobal pandemiya böhranından sonrakı dövrdə infrastrukturun və xidmətlərin təkmilləşdirilməsinin, qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfi bütün dövlətləri Liviyada davam edən münaqişənin həllinə və bu ölkənin inkişafına dəstək verməyə çağırıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov koronavirus pandemiyasının nəticələrinin bütün ölkələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafına ciddi təsir göstərdiyini vurğulayaraq pandemiyanın nəticələrinin qısa müddətdə aradan qaldırılması üçün dövlətlərin öz səylərini birləşdirməsinin önəmini qeyd edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç pandemiyanın uzunmüddətli mənfi təsirlərə, xüsusilə yoxsul ölkələrdə daha mürəkkəb tənəzzülə səbəb olduğunu qeyd edib. Bildirib ki, böyük çağırışlar var, çətinliklər heç də azalmayıb, yaxud da yox olmayıb. Bu səbəbdən sammit dünya ictimaiyyətinin diqqətini postpandemiya dövründə bərpa proseslərinə cəlb etməlidir.

***

Zirvə görüşü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə plenar sessiyalarla davam edib.

Sonda zirvə görüşünün yekunlarına dair sənəd qəbul olunub.