Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə ölkəmiz Ümumdünya Səyahət və Turizm Təşkilatının “Hotel Dayanıqlılığının Əsasları” proqramının tərəfdaşı seçilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, proqramın geniş ictimaiyyətə tanıdılması məqsədilə martın 6-da Almaniyanın paytaxtı Berlində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Ümumdünya Səyahət və Turizm Təşkilatının prezidenti Culiya Simpson, Dayanıqlı Qonaqpərvərlik Alyansının baş icraçı direktoru Qlen Mandjuk və proqramın hotel tərəfdaşı olan “Radisson Hotel Group”un dayanıqlılıq üzrə vitse-prezidenti İnge Huybrexts iştirak ediblər.

Proqramın əsas məqsədi dayanıqlı turizmin təbliğ edilməsi məqsədilə hotellərdə bir sıra meyarların tətbiqinə nail olmaqdır. Proqram “Səmərəlilik” (enerji və su israfını azaltmaq, karbon emissiyasını minimallaşdırmaq və s.), “Planet” (hotellərdə təbiətyönümlü təmizlik məhsullarından istifadə və s.) və “İnsanlar” (icmanın faydalanması və bərabərsizliyin azaldılması) kimi 3 sahə üzrə qruplaşdırılan 12 meyardan ibarətdir.

Florian Zenqstşmid bu proqramın Azərbaycanın dayanıqlı turizm inkişafı strategiyasına mühüm əlavə olduğunu qeyd edib. Bildirib ki, proqrama qoşulmaq təkcə özümüzə və ziyarətçilərə qarşı deyil, həm də Azərbaycan kimi inkişaf etməkdə olan digər destinasiyalara qarşı məsuliyyət deməkdir.

Proqramın tətbiq edilməsi ilə Azərbaycan Hotel Assosiasiyasının məşğul olacağını bildirən baş icraçı direktor, həmçinin ölkəmizin ümumi dayanıqlılıq strategiyası haqqında söz açıb. “Slou Fud” səyahət proqramı, quş müşahidəçiliyi, Basqalda həyata keçirilən restavrasiya işləri haqqında mətbuat konfransı iştirakçılarına məlumat verilib və bu layihələrin yerli icmaların rifahının yaxşılaşdırılması, fauna və floranın mühafizəsi, kiçik biznesə dəstək və digər məsələlərdə rolu vurğulanıb.