Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyini və özünün 55 illiyini silsilə tədbirlərlə qeyd edir.

Yaradıcı heyət 10 mart – Milli Teatr Günündə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası ilə tamaşaçılara bayram ovqatı, bol təbəssüm bəxş edəcək.

Əməkdar artist Namis Şirməmmədovun quruluşunda eyniadlı məşhur filmdən hər kəsə tanış olan personajlar bu dəfə Sumqayıt teatrının səhnəsinə çıxacaqlar. Quruluşçu rejissor hər obraza uyğun maraqlı mizanlar tapmaqla bərabər ümumi ansamblın  çalarını, səhnə əsərindəki dövrün ab-havasını, qəhrəmanların xarakterik xüsusiyyətlərini təqdim etməyə çalışıb.

Sumqayıt Dövlət Dram Teatrı əlamətdar yubileylərlə bağlı incəsənətimizin yeniyetmə və gənclər arasında təbliğinə də diqqət ayırır.

Martın 4-də bir qrup yeniyetmə üçün teatra ekskursiya təşkil edilib. Teatrla tanışlıq zamanı onlara direktor müavini, Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, baş inzibatçı Nizami Mirzəyev bələdçilik ediblər. Ziyarətçilər qrim otaqlarına, butafor, əlbəsə, dərzi sexlərinə baş çəkib, rəssam emalatxanasında eskizlərin hazırlanma prosesi ilə tanış olublar.

Martın 11-də Astrid Linqrenin "Balaca və Karlsonun macəraları" tamaşasının nümayişi ilə bərabər daha bir uşaq və gənc üçün ekskursiya təşkil olunacaq.