ATXİ-nin “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın növbəti təqdimatları

 

Teatra marağı artırmaq, peşəkar səhnə vərdişləri olanlarla birgə iş aparmaq və həvəskarları yaradıcılıq sahələri üzrə istiqamətləndirmək bu sahədə ümdə məsələlərdəndir. Ələlxüsus da peşəkar aktyor, rejissor sarıdan ciddi çətinlikləri olan bəzi bölgə teatrları üçün. Belə olduqda niyə ayrı-ayrı rejissor və aktyor hazırlığı ilə məşğul olan uzunmüddətli kurslar, tematik müzakirələr, ayrı-ayrı üslub və janrlar üzrə oturuşmuş yaradıcılıq ənənəsi olanlar tərəfindən praktiki məşğələlər olmasın?

Bu həftə məhz bu təkliflərə “hə” deyənlərin bir araya gəlib, ən azı səhnə, teatr adına növbəti cəhdlərinə şahidlik edəcəyik. Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış – 3” teatr festivalı öz işinə başlayıb.

6-9 mart tarixlərini əhatə edən sənət nümayişini peşəkar Azərbaycan milli teatrının 150 illiyinə təsadüf edən töhfə də saymaq olar. Festival martın 6-da iki tamaşa ilə (ideya müəllifi və quruluşçu rejissoru Məhəmməd Verdiyev olan “Sonuncu güllə” və ideya müəllifi və quruluşçu rejissoru Ceyhun Zərbəliyev olan “Müsibəti-Qara”) öz işinə başladı.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov festival, onun məqsəd və məramı haqqında qısa məlumat verdi.  Bildirdi ki, bu kimi təşəbbüslər xüsusən gənclərdə teatra sevgi və maraq yaradır.

Tədbirin keçirilməsində əsas məqsəd 4 ay müddətində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdır.

Xalq artisti üçüncü festivalın əlamətdar tarixi dövrə – peşəkar Azərbaycan teatrının 150 illik yubileyinə təsadüf etdiyini və bu mənada onun istər tamaşaçılar, istərsə də teatr ictimaiyyəti üçün bir hədiyyə olduğunu dedi. Bildirdi ki, teatrımızın yubileyi ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanması teatra və səhnə xadimlərinə diqqət və qayğının növbəti bariz nümunəsidir: “Bu diqqət, bu dəstək, sözsüz ki, teatr kimi çətin və məsuliyyətli sənətlə məşğul olan hər birimiz üçün böyük stimuldur”.

Festivalın proqramı haqqında da məlumat verən ittifaqın təmsilçisi teatrsevərləri bu sənət bayramında yaxından iştiraka səslədi.

Xatırladaq ki, “Baxış – 3” festivalında rejissor, aktyor və eksperimental teatr laboratoriyalarının (“Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur) işləri nümayiş olunur. Dörd gün ərzində müxtəlif üslub və janrlarda ümumilikdə 8 tamaşa təqdim ediləcək. Səhnə əsərlərini ATXİ-nin Mustafa Mərdanov adına kiçik və böyük səhnələrində izləmək mümkündür.

Festivalın ikinci günü də maraqlı oldu. Turqay Narın “Dərzi qayçısı” (rejissor Elnur Əkbərov) və Melik Cevdet Andayın “İçəridəkilər” (rejissor Zeynəb Tahir) əsərləri əsasında hazırlanan səhnə aktları tamaşaçıların müzakirəsinə verildi.

Martın 10-da – Milli Teatr Günündə festival çərçivəsində nümayiş olunan tamaşalarla yanaşı, ümumilikdə milli teatrımızın təşəkkülündə əməyi olan səhnə, sənət təmsilçilərinin mükafatlandırılması da olacaq.

Həmidə