9-11 mart tarixlərində Azərbaycan paytaxtında növbəti beynəlxalq tədbir – X Qlobal Bakı Forumu keçiriləcək.

Qlobal Bakı Forumu Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.

Qlobal Bakı Forumunda dünya gündəminin aktual mövzuları müzakirə olunur. Builki Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər”dir.

2022-ci il 16-18 iyun tarixlərində keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər qatılmışdı.

X Qlobal Bakı Forumunda dörd ölkədən prezident, iki ölkədən baş nazir, eləcə də parlament sədrləri, nazirlər, sabiq prezidentlər, hökumət başçıları və s. olmaqla, ümumilikdə 61 ölkədən nümayəndələrin, beynəlxalq təşkilatların rəhbər və yüksək vəzifəli şəxslərinin iştirakı gözlənilir.