“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov və Özbəkistanda fəaliyyət göstərən gənc azərbaycanlı tarixçi alim tarix elmləri namizədi Azər Adıgözalovun “Özbəkistan-Azərbaycan: qardaş xalqlar arasında mədəni-mənəvi əməkdaşlığın tarixi aspekti” monoqrafiyası (rus dilində) çap olunub. Daşkənddəki “Renessans Press” nəşriyyatında işıq üzü görən kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında ərsəyə gətirilib.

Monoqrafiyada qədim dövrdən bu günədək özbək və Azərbaycan xalqlarının qarşılıqlı əlaqələri, mədəni-mənəvi əməkdaşlığı, həmçinin dövlətlərarası münasibətlər və s. haqqında tarixi faktlar yer alıb. Nəşrdə qeyd olunur ki, eramızdan əvvəl II-I əsrlərdə ən işlək əməkdaşlıq və ticarət yolu – Böyük İpək Yolunun üç əsas marşrutundan biri Fərqanə vadisindən keçərək qədim Azərbaycan dövləti Atropatena torpaqlarından Qərbə doğru gedib.

Monoqrafiyada həm sovet dövründə, həm də müstəqillik illərində əlaqələrimizə geniş nəzər salınır, böyük siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qardaş ölkələrlə, ələlxüsus da Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi qeyd olunur. Bildirilir ki, Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin bərpa olunmasında və inkişafında müstəsna rol oynayıb.

Kitabda ictimai təşkilatların mədəni əlaqələrimizin inkişafında rolu vurğulanır, Heydər Əliyevin adını daşıyan AMM-in həyata keçirdiyi çoxsaylı mədəni layihələrin iki ölkə arasında əməkdaşlığa yeni imkanlar açdığı diqqətə çatdırılır.

Daşkənd Dövlət Pedaqoji Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan, beş fəsildən ibarət monoqrafiya Azərbaycan-Özbəkistan əlaqələri ilə bağlı tədqiqat aparan mütəxəssislər üçün faydalı mənbədir.