Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı növbəti biblioqrafiya işıq üzü görüb.

Tanınmış ictimai-siyasi xadim, ölkəmizin Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin 70 illiyinə həsr edilən nəşrdə alimin həyat və fəaliyyətinin 1969-2022-ci illəri əhatə dövrü ilə bağlı materiallar toplanıb.

Nəşrdə “Vilayət Quliyevin həyat və yaradıcılığının əsas tarixləri”, “Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında” bölmələri, siyasətçinin elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, həmçinin həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapıb.

Biblioqrafiyada Vilayət Quliyevin dünyanın dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də əhatə olunub. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə bölmələrə ayrılıb.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/V.Quliyev.pdf linkindən istifadə edə bilərlər.