Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Frederik Şopen adına Musiqi Universitetində tarzən, Əməkdar artist Sahib Paşazadənin ustad dərsi keçirilib. Ustad dərsində universitetin tələbə və müəllim heyəti iştirak edib.

S.Paşazadə iştirakçılara Azərbaycanın milli musiqi aləti tar haqqında ətraflı məlumat verib, xüsusilə xalq mahnılarının, muğamların ifasında tarın müşayiətinin vacibliyi barədə danışıb. İfaçı XIX əsrin II yarısında ustad tarzən Sadıqcan tərəfindən alətin quruluşuna dəyişikliklər edilməsi, simlərin sayının 5-dən 11-ə çatdırılması, tarın tutma qaydasının dəyişdirilməsi və onun diz üstündən sinəyə qaldırılması barədə söz açıb. XX əsrdə yeni inkişaf mərhələsinə qədəm qoymuş müasir tar ifaçılığına diqqət çəkən S.Paşazadə əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbində alətin texniki və bədii imkanlarının daha da artmasını qeyd edib. O, həmçinin Azərbaycan muğamının, eləcə də tar ifaçılığı və tar alətinin hazırlanması sənətinin UNESCO-nun siyahısında yer alması, Azərbaycan muğamları barədə tədbir iştirakçılarına məlumat verib, muğam məktəbləri, muğam dəsgahları barədə danışıb.

Ustad dərsində tarzən tanınmış pianoçu Səidə Tağızadənin müşayiəti ilə Azərbaycan klassik və xalq musiqisindən parçalar ifa edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.