Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Başı tufanlı Səhəndim” mövzusunda elmi seminar keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə XX əsr Güney Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, poeziyası ilə milli istiqlalın mübariz carçılarından olmuş Bulud Səhəndin dövrü və yaradıcılığı haqqında geniş məlumat verilib.

Seminarda muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva vətənpərvər şairin soykökündən bəhs edib, onun qaraçulu qədim Xəzər tayfasına mənsubluğunu vurğulayıb.

Məruzəçi Bulud Səhəndin doğulub böyüdüyü ailə mühiti, təhsil illəri, o cümlədən həmin illərdə İranın Pəhləvi rejimi tərəfindən Azərbaycan dilinə, klassik ədəbiyyatının öyrənilməsinə qoyulan qadağalardan danışıb. Nərmin Əliyeva qeyd edib ki, 1940-1950-ci illərdə “Kitabi-Dədə Qorqud” dastanının təbliği İranda qəti qadağan olunmuşdu. Bu ölməz türk abidəsi ilə gizli şəkildə tanış olmuş Bulud Səhənd Dədə Qorqud dastanlarına sevgisinin təsiri ilə özünün məşhur “Sazımın sözü” əsərini qələmə almışdır.

Nərmin Əliyeva məruzəsində, həmçinin Səhəndin “Dədəmin kitabı” dastanından, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil və digər Azərbaycan şairləri ilə mənzum məktublaşmalarından bəhs edib.

Bildirilib ki, böyük şairin 1979-cu ildə vəfatından doğan kədər otaylı ədəbiyyatımızın ustad Şəhriyar, Sönməz, Müzəffər, Əli Təbrizi kimi bir çox görkəmli ədiblərinin əsərlərində inikasını tapıb.

Seminar məşğələsi professorlar Xatirə Bəşirli, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, muzeydə izahatçı Aysel Bayramova və digərlərinin sual və çıxışları ilə davam edib.