Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzi idarə heyətinin sədri şahzadə Turki əl-Faysal əl-Səud Azərbaycanın işğaldan azad olunmuş ərazilərində – Füzuli rayonunda və Şuşada olub.

Bakıdan təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gələn qonağa işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov diqqətə çatdırıb ki, Füzuli və Zəngilan hava limanları müvafiq olaraq 2021 və 2022-ci illərdə istifadəyə verilib. Laçın rayonunda aeroportun inşası davam edir.

Sonra rayonun Qaraxanbəyli kəndinə gələn qonağa ərazinin Ermənistan tərəfindən  basdırılmış minalardan təmizlənməsi işləri barədə məlumat verilib. Bildirilib ki, Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilmiş yaşayış məntəqələrindəndir. Burada 44 günlük müharibənin ilk şəhidlərinin şərəfinə abidə ucaldılıb.

Turki əl-Faysal Füzuli rayonunda bərpa işləri həyata keçirilən Aşağı Köndələnçay su anbarı ilə də tanış olub. Qonaq Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin mənzərəsini öz gözləri ilə görüb. Ona şəhərin bərpası istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Martın 8-də Şuşaya səfər edən Kral Faysal İslam Araşdırmalar Mərkəzinin rəhbəri Turki əl-Faysal əl-Səud şəhərdəki tarixi-mədəni abidələrimizlə tanış olub. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonağa Ermənistan silahlı qüvvələrinin qədim şəhərdə törətdiyi vəhşiliklər haqqında məlumat verib.

Saatlı və Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən qonağa işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib. Səudiyyə şahzadəsi Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin erməni barbarları tərəfindən güllələnmiş heykəllərinə də baxıb.

Qonaq Cıdır düzünün füsunkar mənzərəsi fonunda, şəhərin qala divarları önündə xatirə şəkilləri çəkdirib.