Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyini və özünün 55 illiyini silsilə tədbirlərlə qeyd edir.

Yaradıcı heyət 10 mart – Milli Teatr Günündə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası ilə tamaşaçılara bayram ovqatı, bol təbəssüm bəxş edəcək. Tamaşaya Əməkdar artist Namis Şirməmmədov quruluş verib.

Sumqayıt teatrı əlamətdar yubileylərlə bağlı incəsənətimizin yeniyetmə və gənclər arasında təbliğinə də diqqət ayırır.

Martın 4-də bir qrup yeniyetmə üçün teatra ekskursiya təşkil edilib. Teatrla tanışlıq zamanı onlara direktor müavini Əməkdar artist Vidadi Məmmədov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov, baş inzibatçı Nizami Mirzəyev bələdçilik ediblər. Ziyarətçilər qrim otaqlarına, butafor, əlbəsə, dərzi sexlərinə baş çəkib, rəssam emalatxanasında eskizlərin hazırlanma prosesi ilə tanış olublar.

Martın 11-də Astrid Lindqrenin “Balaca və Karlsonun macəraları” tamaşasının nümayişi ilə bərabər daha bir qrup uşaq və gənc üçün ekskursiya təşkil olunacaq.