Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) da geniş tədbirlər planı var. Martın 3-də bu silsilədən “Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirildi.

İttifaqın sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə konfransı açaraq Heydər Əliyevin respublikaya rəhbərliyinin hər iki dövründə milli və professional musiqinin inkişafına, o cümlədən bəstəkar və musiqişünasların yaradıcılığına diqqət və qayğısından bəhs etdi. Diqqətə çatdırdı ki, bu qayğı musiqi sənətimizin inkişafına mənəvi zəmin yaradıb, bu sahədə çalışanları yaradıcılığa ruhlandırıb.

Firəngiz Əlizadə Ulu öndərin musiqiçilərlə  görüşlərinin birində mahnı janrı haqqında dediyi sözləri yada saldı: “Dinləyicilərin xoşuna gələn yaxşı mahnı az deyildir. Lakin bununla birlikdə elə mahnılar vardır ki, nə musiqisi yadda qalır, nə də sözləri. Mahnı musiqidə ən kütləvi janrdır. Buna görə də ona daim ciddi fikir verilməlidir. Bütün mahnılar yaxşı olmalıdır, xalqın qəlbinə və şüuruna yol tapmalıdır...”.

Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, bəstəkarlara verdiyi tövsiyələrdən də söhbət açan ABİ-nin sədri “Heydər Əliyev – 100” silsiləsindən növbəti tədbirlərdə musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini dedi.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev” mövzusunda çıxış etdi. Diqqətə çatdırdı ki, Ulu öndər müəllif və yubiley gecələrində, bəstəkarların yeni səhnə və konsert əsərlərinin premyeralarında daim iştirak edər, musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələr söyləyərdi. Heydər Əliyev respublikamıza 30 ildən artıq rəhbərliyi dövründə Bəstəkarlar İttifaqının fəaliyyəti ilə daim maraqlanıb. Bütün bunlar Heydər Əliyevin qayğıkeşliyinin və Azərbaycan musiqisini qəlbən sevdiyinin bariz nümunəsidir.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov isə məruzəsində Ulu öndərin bəstəkarlarla görüşündə simfonik musiqi janrlarının əhəmiyyətini xüsusi vurğuladığını diqqətə çatdırdı. “Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər əsasında siz daha yüksəklərə qalxasınız və daha çox proqramlı musiqi əsərləri yazasınız. Bir çox bəstəkarlarımız simfoniya yaradıcılığında doğru yoldadır, təcrübə, vərdiş qazanmışlar və əminik ki, bizə yeni kamil əsərlər verəcəklər”, – deyə belə görüşlərin birində bildirmişdi.

Qeyd olundu ki, başqa sənət adamları kimi, Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq Heydər Əliyevə müxtəlif janrlarda dəyərli əsərlər həsr ediblər. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin 8 saylı simfoniyasını, Arif Məlikovun “Əbədiyyət” adlı simfoniyasını, Vasif Adıgözəlovun “Azərbaycan” kantatasını, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək” adlı odasını, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda”sını göstərmək olar.

Elmi konfransda daha sonra  sənətşünaslıq üzrə fəlsəfə doktorları Jalə Qulamova “Naxçıvan Bəstəkarlıq Təşkilatının yaradılmasında Heydər Əliyevin rolu”, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Heydər Əliyevin dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında fikirləri”, Leyla Zöhrabova “Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçib” simfoniyası haqqında” mövzulu məruzələrlə çıxış ediblər.

Konfrans Xalq artisti Azər Dadaşovun Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının səsləndirilməsi (elektron səslənmə) ilə başa çatdı.

Savalan Fərəcov