Görkəmli xanəndə, bəstəkar və pedaqoq, Xalq artisti Əlibaba Məmmədovun (1929-2022) xatirəsinə həsr olunmuş “Ustad xatirələrdə” kitabı çapdan çıxıb.

Martın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə kitabın təqdimatı keçirildi.

Kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızıdır.  

Müəllif çıxış edərək muğam ustadının Azərbaycan milli musiqisinin inkişafında xidmətlərindən danışdı. Dedi ki, Əlibaba Məmmədov milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoyub. Xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunub saxlanılır. Əlibaba Məmmədov həm də 100-dən çox mahnı və təsnifin müəllifidir.

Bildirildi ki, kitabda sənət adamlarının Əlibaba Məmmədovun şəxsiyyəti və musiqi mədəniyyətimizə verdiyi töhfələr haqqında düşüncələri yer alıb.

Sonra unudulmaz xanəndənin yaradıcılığına həsr edilmiş “Bizim ustad” sənədli filmi nümayiş olundu. Nümayişdən sonra Xalq artisti, tarzən Ramiz Quliyev sənətkarla bağlı xatirələrini bölüşdü.

Tədbirdə Əlibaba Məmmədovun ailə üzvləri, sənət dostları, tələbələri, muğam ifaçıları iştirak edirdilər.

Lalə