Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının növbəti nümayişi (4 mart) teatrın aktrisası Gülcahan Salamovanın 60 illik yubileyi münasibətilə təqdim olunub.

Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın səhnə fəaliyyətindən danışıb.

Vaxtilə "Beş manatlıq gəlin" tamaşasının Naznazı olan Gülcahan xanım bu dəfə onu sevənləri Səlbi (Naznazın anası) obrazı ilə qarşılayıb. 

Rejissor, Əməkdar İncəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada yubilyarla yanaşı Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları eyni səhnəni bölüşürlər.

Gülcahan Əhməd qızı Salamova 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini musiqili komediya aktyoru ixtisası üzrə bitirib. Həmin ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında solist-vokalist kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Ötən müddətdə çoxsaylı obrazların öhdəsindən məharətlə gəlib. 2013-cü ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Prezident mükafatçısıdır.