Media fəaliyyətinə edilən maneələrə görə isə cərimələr artırılır

 

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir.

Bu barədə Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi martın 7-də Milli Məclisin iclasında üçüncü oxunuşda qəbul edilib.

Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Bundan əlavə, media haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. İndiyədək sözügedən cərimə 100-150 manat arasında idi. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə müəyyənləşir. Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə media subyektləri və jurnalistlərin sorğusuna cavab verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif olunur. Layihə üçüncü oxunuşda qəbul edilib.