Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin idarə heyətinin üzvlərini qəbul edib.

Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə edən qonaqlar ötən 10 il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə nüfuzlu təsisata çevrildiyini bildiriblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyi bundan sonra da davam etdirəcəyini bildirən dövlətimizin başçısı bu təsisatın beynəlxalq səviyyədə nüfuzunun artırılmasının, vacib platformaya çevrilməsinin əhəmiyyətini vurğulayıb, onun sıralarının genişlənməsini və yeni regionlardan olan təmsilçilərin Mərkəzin fəaliyyətinə qoşulmasını müsbət amil kimi dəyərləndirib.

X Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğunu qeyd edən İlham Əliyev tədbir çərçivəsində multilateralizmlə, regional və qlobal problemlərlə bağlı məsələlərin müzakirə olunacağını deyib.

Vayra Vike-Freyberqa 2012-ci ildə ölkəmizə səfəri çərçivəsində qədim Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş konfransda iştirakını qeyd edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasının və Qlobal Bakı Forumunun keçirilməsinin əsasının məhz həmin tədbirdə qoyulduğunu xatırladıb.

Görüşdə X Qlobal Bakı Forumu, beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransın keçiriləcəyi də diqqətə çatdırılıb.

Dövlətimizin başçısı Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər məsələlər barədə söz açıb, qonaqların suallarını cavablandırıb.