Azərbaycan-Latviya incəsənət sərgisi

 

Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olub.

Tədbirdə Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Egils Levits, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, digər rəsmi şəxslər iştirak ediblər.

Latviyanın Azərbaycandakı Səfirliyi ilə birgə təşkil olunan sərgi Türk dünyasının mütəfəkkir  şairi Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb-yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Sərgidə latviyalı rəssam İeva Krumina və məşhur fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur.

Açılış mərasimində çıxış edən Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bildirib ki, sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur. Diplomat diqqətə çatdırıb ki, Latviya səfirliyi ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərə xüsusi önəm verir. Bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təbliğ edilir.

Latviya Prezidenti Egils Levits müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirmək üçün sərginin adının düzgün seçildiyini deyib. O bildirib ki, bu gün heç kim yeknəsəq, qlobal mədəni şəraitdə yaşamaq istəməz. Hər bir xalqın özünəməxsus mədəniyyəti qorunub saxlanılmalıdır. Milli mədəniyyətlər ənənələrə söykənir, lakin bu ənənələr inkişaf etdirilməlidir. Milli mədəniyyətlər digər mədəniyyətlərin irəli sürdüyü ideyalara da açıq olmalıdır.

Sərgini ölkələrimiz arasındakı körpülərin ən bariz nümunəsi adlandıran Latviya Prezidenti tədbirin təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, birgə mədəni tədbirləri keçirməklə biz bir-birimizi daha da yaxın edirik.

Sərgidə əsərləri nümayiş olunan İeva Krumina möhtəşəm bir məkanda əsərlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edib. Öz əsərləri barədə məlumat verən rəssam diqqətə çatdırıb ki, Şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaradıb. “Hər iki xalqın düşüncələrində bir çox oxşarlıqlar var. İncəsənət bizi bir-birimizə yaxınlaşdırır. Bu o deməkdir ki, bizim bölüşdüyümüz ideyalar bir-birimiz tərəfindən qavranıla bilər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İeva Krumina Latviya Rəssamlıq Akademiyasında Tekstil şöbəsinin müdiridir. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır.

Heydər Əliyev Mərkəzindəki sərgi aprelin 3-dək davam edəcək.