Xəbər verdiyimiz kimi, Azərbaycan kulinarları “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə uğurla iştirak edərək bir neçə kateqoriya üzrə bürünc medallara layiq görülüblər. Martın 10-da kulinarlarımıza qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.

Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müavini Azadə Hüseynova bu nailiyyət münasibətilə milli kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb. Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirən Azadə Hüseynova DTA-nın bu sahənin inkişafına dəstəyindən bəhs edib.

Sonra milli kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, baş aşpaz Nicat Babayev, baş qənnadıçı Gülnar Rəsulova və gənc qənnadıçı  Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyeva DTA sədri Fuad Nağıyev tərəfindən fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan komandasına qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb. DTA-nın təşkilatçılığı ilə yeni formalaşdırılmış milli kulinariya komandası ilk dəfə nüfuzlu “Avropa Qran Prisi: Qlobal Aşpazlar Müsabiqəsi”nə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb.

Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Orxan Sadıqov tərəfindən qurumun yeni loqosu təqdimatı da edilib (video: https://youtu.be/BxDuE7pqBmg).

Dörd elementdən ibarət olan yeni loqoda sünbül, xarıbülbül, alov və nar təsvir edilib. Qeyd edilib ki, bu elementlərdən hər biri Azərbaycan mədəni irsi və mətbəximizə aid dəyərləri tərənnüm edərək həyatın daimiliyi, davamlılığı, sonsuzluğu kimi yozulur.

Tədbirin sonunda azərbaycanlı aşpazlara Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.