Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 mart – Milli Teatr Günü” adlı virtual sərgi, həmçinin Azərbaycan peşəkar milli teatrının 150 illiyinə həsr olunan ənənəvi kitab sərgisi açılıb. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkinə keçid etməklə tanış olmaq mümkündür.

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə əlamətdar tarix münasibətilə “Azərbaycan peşəkar milli teatrı – 150” adlı biblioqrafik icmalı istifadəçilərə təqdim edib.

Biblioqrafik icmalda Milli Teatr Gününün təsis olunması, Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı yer alıb. İcmalda həmçinin teatrımızın yaranması və inkişafı mərhələləri haqqında məlumatlar, görkəmli şəxslərin teatr sənəti haqqında fikirləri, habelə Azərbaycan teatrlarına həsr olunmuş kitabların biblioqrafik təsviri və annotasiyası təqdim edilib.

Kitabxanada “Milli Teatr Günü” adlı ənənəvi sərgi də hazırlanıb. Sərgidə Azərbaycan teatr sənətinin tarixindən, korifey sənətkarların həyat və yaradıcılığından bəhs edən kitablar, dövri mətbuat materialları nümayiş olunur.