Cabir Novruzun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirildi

 

Martın 12-də XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun (1933-2002) 90 illik yubileyi tamam oldu. Bu münasibətlə Beynəlxalq Muğam Mərkəzində “Məni taparsınız şeirlərimdə” adlı xatirə gecəsi keçirildi.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar çıxış edərək Cabir Novruzun yaradıcılığından, ədəbi qəzet və jurnallarda fəaliyyətindən söz açdı. Dedi ki, şairin yaradıcılığı bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir, sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbətlə qarşılanır. Cabir Novruzun əsərləri müxtəlif dillərə tərcümə edilib, eyni zamanda onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev bildirdi ki, Cabir Novruz gəncliyindən bəşəri hiss və duyğuları özündə ehtiva edən lirik şeirləri ilə şöhrət qazanıb. Onun poeziyası oxucunu düşündürür, həyata düzgün baxış formalaşdırır.

Xatirə gecəsində şairin sağlığında lentə alınan kadrlarda öz ifasında şeirlərindən nümunələr təqdim olundu. Mərhum aktyor, Xalq artisti Əliabbas Qədirovun qiraətində “Cavanlığım” şeirinin lent yazısı alqışlarla qarşılandı.

Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadənin rəhbərliyi ilə “Günaydın” ansamblının müşayiəti ilə Xalq artistləri Gülyanaq Məmmədova, Zaur Rzayev, Əməkdar artist Mətanət İsgəndərli və gənc müğənnilərin ifasında şairin sözlərinə yazılmış mahnılar səsləndi.

Qeyd edək ki, Cabir Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Ey həyat, sən nə qəribəsən?”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Özünü qoru, xalqım” və digər kitabları bu gün də maraqla oxunur. Sözlərinə bəstələnən mahnılar (“Məhəbbət”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Böyüməyə tələsmə”, “Bu nə cür məhəbbətdir?”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Sən oldun”, “Gecikmiş məhəbbət” və s.) dinləyicinin qəlbinə təravət bəxş etməklə bərabər, düşüncələrə qərq edir.

Lalə Azəri