“Hər həyat sonu ölüm olduğu üçün “məğlubiyyət”dir. Amma onu olduğu kimi qəbul edib həyata gülümsəyə bilmək, bax bu, əsl istedaddır” – Rüstəm İbrahimbəyovun bu sözləri onun qəbirüstü abidəsində yazılıb...

Martın 11-də dünyaca məşhur kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.

İldönümü ərəfəsində, martın 10-fa Fəxri xiyabanda Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev sənətkarla bağlı xatirələrini dilə gətirib: “Onun ölümü ölkəmiz üçün böyük itki oldu. Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəinki ölkəmizdə, eləcə də dünyada tanınmışdı. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb...”.

Rasim Balayev deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var olduqca Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər...”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da Rüstəm İbrahimbəyovun dünya şöhrətindən danışıb, onun ölkəmizi tanıdan bir sənətkar olduğunu vurğulayıb.

Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirən Xalq yazıçısı Çingiz Abdullayev onun 6 dəfə dövlət mükafatı alan yeganə sənətkar olduğunu deyib: “Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.

Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov bu işi ərsəyə gətirməkdən məmnunluq duyduğunu vurğulayıb: "Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".

Rüstəm İbrahimbəyovun məzarı üzərinə gül-çiçəklər düzülüb, xatirəsi ehtiramla yad olunub.

***

Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirərək, sonra Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunda aspiranturada oxuyub.

Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə Ali ssenarist kursunu, 1974-cü ildə Ali rejissorluq kursunu bitirib. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib. Rüstəm İbrahimbəyov 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı idarə heyətinin katibi olub. 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib. 1990-cı ildən yenidən Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik (ömrünün sonunadək) edib. 1976-cı ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Qeyd edək ki, yazıçıya ən böyük şöhrəti onun ssenariləri əsasında çəkilən filmlər gətirib. Ssenari müəllifi kimi Azərbaycan SSR Dövlət mükafatına (1980, “Ad günü” filmi), SSRİ Dövlət mükafatına (1981, “İstintaq” filmi), dörd dəfə Rusiya Federasiyasının Dövlət mükafatına (1993 – “Urqa. Sevgi ərazisi”; 1996 – “Günəşdən usanmışlar”; 1998 – “Səhranın bəyaz günəşi”; 2000 – “Sibir bərbəri”) layiq görülüb. Bundan əlavə, kinorejissor Nikita Mixalkovun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkdiyi “Urqa. Sevgi ərazisi” filmi Venesiya kinofestivalının “Qızıl şir”, “Günəşdən usanmışlar” filmi Amerika Kino Akademiyasının “Oskar” (“Ən yaxşı xarici film”) və Kann kinofestivalının “Jürinin xüsusi mükafatı”nı qazanıb.

Yazıçının “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Qum üzərində ev”, “Şirəbənzər” və s. pyesləri Praqa, Berlin, Sofiya, Budapeşt, Nyu-York şəhərlərində, eləcə də Bakıda və Moskvada səhnələşdirilib. Rüstəm İbrahimbəyov Bakıda “İbrus” teatrını, Moskvada eyniadlı kino şirkətini yaratmışdı. Uzun illər yaşadığı Rusiyada da təltiflərə (“Əməkdar incəsənət xadimi” fəxri adı – 1995; “Dostluq” ordeni” – 2019) layiq görülmüşdü.

2000-ci ildə Fransanın “İncəsənət və Ədəbiyyat Ordeni”nin ali (komandor) dərəcəsinə layiq görülən Rüstəm İbrahimbəyov daha sonra bu ölkənin parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasına etiraz olaraq ordendən imtina etmişdi...

Rüstəm İbrahimbəyov 2022-ci il martın 11-də, ömrünün 84-cü ilində dünyasını  dəyişib. Martın 13-də Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində onunla vida mərasimi keçirilib. Nəşi martın 15-də Bakıya gətirilib və martın 16-da Fəxri xiyabanda torpağa tapşırılıb.