Milli Dram Teatrının qocaman aktyorlarına hədiyyələr təqdim olunub...

 

Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyi Akademik Milli Dram Teatrında “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə qeyd edilib.

1873-cü il martın 10-da milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin bu əsərinin səhnələşdirilməsi ilə peşəkar teatrımızın əsası qoyulub.

Tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edib, milli teatrımızın tarixindən, keçdiyi inkişaf yolundan danışıb, tamaşaçıları təbrik edib.

Sənət ocağının qocaman aktyorlarına – Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik və Hacı İsmayılova təbrik məktubu və hədiyyə təqdim olunub.

Sonra tamaşa nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru və bədii tərtibatçısı mərhum sənətkarlar – Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu və Əməkdar rəssam Rəşid Şerif, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Elnar Qarayev, Şəlalə Şahvələdqızı, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rəşad Bəxtiyarov, aktyorlar İlyas Əhmədov, Şəhla Əliqızı, Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Elnur Qədirov, Elçin Əfəndi, Vüsal Mustafayev, Elsevər Rəhimov çıxış ediblər.