Azərbaycanlı rejissor Təhminə Rafaellanın “Banu” filmi 5-10 mart tarixlərində Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub.

Baş rolu rejissorun özünün oynadığı filmdə Əməkdar artist Mələk Abbaszadə, eləcə də Kəbirə Həşimli, Zaur Şəfiyev və Cəfər Həsən çəkiliblər.

Film övladından ayrı salınan və ona qovuşmaq istəyən ananın hekayəsidir. Ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.

7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında Avropa, Asiya, Amerika və Afrika ölkələrindən olan qadın kinorejissorların lentə aldıqları 60-dək film iştirak edib. Festival çərçivəsində seminarlar, filmlərin yaradıcı heyətləri ilə görüşlər də təşkil olunub.

“Banu” filmi Venesiya Beynəlxalq Film Festivalının layihəsi olan “Biennale College Cinema” proqramı çərçivəsində ərsəyə gəlib. Bu proqram rejissorluğa yeni başlayanlara dəstək məqsədi daşıyır. Proqrama təqdim olunan ssenarilər bəyənilirsə, onların çəkilişinə maliyyə ayrılır.

Təhminə Rafaellanın filmi sözügedən proqramın qaliblərindən biri kimi 2022-ci ilin sentyabrında 79-cu Venesiya festivalı çərçivəsində nümayiş olunub.