Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli ölkənin yaradıcılıq təşkilatları ilə görüşlər keçirir.

Adil Kərimli 10 mart – Milli Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) olub. Əlamətdar günlə əlaqədar teatr xadimlərinə xoş arzularını çatdıran mədəniyyət nazirinin birinci müavini ATXİ-nin binası ilə tanış olub, qurumun fəaliyyəti ilə maraqlanıb. Müasir teatr prosesləri, bu sahədəki çətinliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) da görüş keçirib.

Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahə üzrə təklifləri dinləmək olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiya hazırlanır. Buna uyğun olaraq yeni forma və struktur mexanizmləri yaradılacaq.  Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir və ölkədəki yaradıcılıq təşkilatlarının əməkdaşlığı önəmlidir.

ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti barədə məlumat verib.  İttifaqın üzvləri bəstəkarlıq sahəsində problemlər, bu sahənin inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Xatırladaq ki, mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli martın 2-də Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşmüşdü.