Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev Türkiyənin Hatay və Kahramanmaraş bölgələrinə gedərək zəlzələdən zərərçəkən insanlara maddi və mənəvi dəstək olub.

Sultan Raev bildirdi ki, rəhbərlik etdiyi qurumun əməkdaşları daha öncə də təbii fəlakətin baş verdiyi bölgələrdə olub, əcnəbi xilasedicilərə tərcüməçilik, çadır qurma kimi müxtəlif yardımlar göstəriblər. O cümlədən TÜRKSOY-da çalışan azərbaycanlı Vüqar Novruzoğlu xilasedicilərə tərcüməçilik etdiyi zaman 3 nəfərin dağıntılar altından çıxarılmasında iştirak edib.

TÜRKSOY-un rəhbəri öz təşəbbüsü ilə Hatayda və Kahramanmaraşda zəlzələdən zərərçəkənlərlə görüşdüyünü, onlara Orta Asiya mətbəxinə aid məşhur “Türküstan plovu” bişirdiklərini dedi: “Əvvəlcə Hataya, sonra isə Kahramanmaraşa gedərək ümumilikdə 400 nəfər üçün iki qazan plov hazırladıq. Bildiyiniz kimi, Kahramanmaraşda qırğızlar tərəfindən zəlzələdən zərərçəkənlər üçün çadırlar – alaçıqlar qurulub. Bişirdiyimiz plovu çadırlarda yerləşmiş insanlara payladıq”.

S.Raev fəlakətdən zərərçəkənlərin bu gün təkcə maddi deyil, həm də mənəvi dəstəyə, isti münasibətə ehtiyacı olduqlarını bildirdi: “Mən orada uşaqların gözündə sadəcə gələcəyi deyil, güclü Türkiyəni də gördüm. Onlara qonaq etdiyimiz Orta Asiya plovunu isə bizim qardaşlığımızın və mənəvi birliyimizin əlaməti kimi qəbul etmələri məni çox məmnun etdi. Hataylılar və kahramanmaraşlılar ruhən güclüdür. Buna çox ümidləndim və sevindim. Həqiqətən də, türkün gücü biliyindədir”.

Mehparə Sultanova
Ankara