Martın 14-də Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Raşid Al-Xəlifənin “İlk qığılcım” (First light) adlı sərgisi açılacaq. Bakı sərgisində rəssamın ən son instalyasiyaları nümayiş etdiriləcək.

Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əksetmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Bakıda, Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzində sərginin təşkilindən məmnunluğunu bildirən Raşid Al-Xəlifə yeni yaratdığı əsərlərin innovativ və ultramüasir dizayna malik bu məkanda, həmçinin zəngin mədəniyyəti və irsi ilə tanınan ölkəmizdə nümayişindən şad olduğunu deyib.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.

1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al-Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Rəssamın ərsəyə gətirdiyi incəsənət nümunələri ənənəvi və müasir memarlığın ətraf mühitlə vəhdəti ilə fərqlənir. Onun 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edib. 2000-ci illərdə isə alüminium rəssamın yaradıcılığının mərkəzinə çevrilir.

Raşid Al-Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və biennalelərin iştirakçısıdır. Hazırda Bəhreyn İncəsənət Şurasının sədridir. Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.