Nyu-York şəhərindəki “Carnegie Hall” mərkəzinin “Weill” konsert salonunda VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və assosiasiyanın nəzdindəki Təhsil və mədəniyyət məsələləri üzrə komitənin rəhbəri Pərvin Muradovun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ölkəmizin ABŞ-dakı səfirliyinin və BMT-dəki nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

“Florida Keys” müsabiqəsinin direktoru Pərvin Muradov bildirib ki, bu il müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyi qeyd edilir. “Florida Keys” müsabiqəsinin qala-konserti Ulu öndərin yubileyinə həsr edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev uzun illər ABŞ-də maraqlı musiqi yarışması təşkil etdiklərinə görə Pərvin Muradov və Töhfə Eminova başda olmaqla “Florida Keys” müsabiqəsinin komandasına, münsiflər heyətinə, musiqiçilərə, müəllimlərə və valideynlərə minnətdarlığını bildirib.

“Carnegie Hall” kimi məşhur mədəniyyət ocağında çıxış etmək şərəfinə nail olmuş qalibləri təbrik edən sədr müavini müsabiqəyə qatılan bütün gənclərə uğurlar arzulayıb.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də çıxış edib.

Sonra “Florida Keys” müsabiqəsinin finalçıları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert proqramında Ulu öndər Heydər Əliyevin çox sevdiyi “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı və əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Tədbir müxtəlif nominasiyalar üzrə müsabiqənin qaliblərinin elan edilməsi, onlara diplom və mükafatların təqdim olunması ilə yekunlaşıb. Qaliblər arasında Azərbaycan, ABŞ, Almaniya, İsrail və Gürcüstanı təmsil edən musiqiçilər olub.

Builki qalibləri Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin professoru, pianoçu Həqiqət Məhərrəmova (sədr), Kaliforniyadakı San Xose Dövlət Universitetinin professoru, pianoçu Namiq Sultanov, Metropolitan Operanın (Nyu-York) solisti, bariton Aleksey Lavrov, İsveçrənin Lozanna Konservatoriyasının nəzdindəki Ali Musiqi Məktəbinin skripka üzrə professoru Sergey Şvarts, Alberto-Korto adına Paris Musiqi Məktəbinin və Rüey-Malmezon Konservatoriyasının fortepiano üzrə professoru Rəna Şereşevskaya-Mustafabəyli, Madriddəki Kraliça Sofiya adına Musiqi Məktəbində “Fundación Banco Santander” fortepiano fondunun sədri, professor Stanislav Yudeniçdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyev adına “Florida Keys” müsabiqəsi 2017-ci ildən etibarən keçirilir. Müsabiqənin önəmli tərəflərindən biri Azərbaycan musiqisinin əcnəbi musiqiçilər tərəfindən ifa edilməsidir. Layihənin rəhbəri Pərvin Muradov Xalq artistləri – bəstəkar Cövdət Hacıyevin və milli rəqslərin görkəmli ifaçısı Əminə Dilbazinin övladıdır.