Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Baharın rəngləri” Respublika uşaq rəsm müsabiqəsi başa çatıb.

Fevral ayında elan olunan müsabiqənin yekun sərgisi 14, 15, 16, 17 mart tarixlərində hər gün saat 16:00-da Xətai Sənət Mərkəzində təşkil ediləcək.

Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət etmək məqsədilə keçirilən müsabiqəyə 21 yaşadək 2000-dən çox uşaq və gənc 3000-ə yaxın əsər göndərib. 800-dən çox şəxsin hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib. Seçim zamanı müəlliflərin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Sərgi üçün seçilmiş əsərlər və onların müəllifləri haqqında məlumat almaq üçün https://www.yumpu.com/xx/document/read/67594586/baharn-rnglri-2023 linkindən istifadə edə bilərsiniz.