Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və ana dilimizi dövlət dili elan edən şair Şah İsmayıl Xətai-Səfəvi (1487-1524) haqqında “Wikipedia”da özbək dilində bölmə (“Shoh Ismoil Safaviy”) istifadəyə verilib.

AMM-in “Wikipedia” heyəti tərəfindən yaradılmış bölmədə Şah İsmayılın həyatı, hakimiyyəti, onun başçılığı ilə edilən yürüşlər, siyasi fəaliyyəti, ailə və nəsil şəcərəsi, şəxsiyyəti, xidmətləri, ədəbiyyatımızda yeri, əsərləri, dövlətimiz tərəfindən adının əbədiləşdirilməsi və s. mövzular öz əksini tapıb. Adıçəkilən mövzular üzrə xəritələr, tarixi rəsmlər, əlyazma əsərlərindən nümunələr və s. zəngin materiallar elmi istinad prinsipinə uyğun şəkildə verilib.

Qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli qərarı ilə Şah İsmayıl Xətainin əsərləri Azərbaycan Respublikasında dövlət mülkiyyəti elan edilən müəlliflərin siyahısına daxil edilib.

“Wikipedia”da hökmdar-şairin həyat və fəaliyyəti haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Shoh_Ismoil_Safaviy linki vasitəsilə tanış olmaq mümkündür.