Bu gün ilaxır çərşənbələrin sonuncusu – Torpaq çərşənbəsidir 

 

Xalqımızın ən əziz bayramı Novruza sayılı günlər qaldı. Bu gün bayramın müjdəçisi olan ilaxır çərşənbələrin sonuncusu və böyük təmtəraqla keçiriləni Torpaq çərşənbəsidir.

Kainatın əsasını təşkil edən dörd ünsürün (su, od, yel-hava, torpaq) üçü əvvəl oyanaraq “qış yuxusu”na getmiş torpağın cücərtmək gücünü bərpa edər. Əski inanclara görə, torpağın oyanması ilə təbiət bütünlüklə yenilənir. Çünki varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapırlar. Daha doğrusu, torpaq bu üç ünsürün missiyasının əsas tamamlayıcısı rolunu oynayır. Bu ünsürlərin torpaqla təması olmasa, yaşam mümkün olmaz.

Novruzu səmənisiz təsəvvür etmək mümkün deyil. Səməni cücərdilməsi baharı ilk olaraq evdə hiss etmək, həm də yaz əkininin eksperimentini aparmaqdır. Yəni toxumluq saxladığımız taxıl əkin üçün yararlıdırmı?  

Torpağın müqəddəsliyi türk mifik düşüncəsində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə eyni mövqedədir. Keçmişdən günümüzə ulusumuzda torpağa məxsusi münasibət olub. Torpaq çərşənbəsi müxtəlif ayinləri ilə digər üç çərşənbəyə bənzəsə də, bəzi əlamətləri ilə fərqlənir. Bir çox bölgəmizdə bu çərşənbə xüsusi təntənə ilə qeyd olunur. İnsanlar torpaq sahələrinə çıxır, təmizlik işləri görür, kütləvi şənliklər keçirirlər. Həyətlərdə də tonqal qalanır, evlərdə plov dəmlənir, bayram süfrəsi açılır, hər kəs bir-biri ilə bayramlaşır. Xüsusilə uşaqlar və gənclər evlərə torba atar, qulaq falına çıxarlar. İlaxır gecəsi cavan qızlar bir yerə yığışıb suda üzüyün hərəkətinə əsaslanan xüsusi ayin keçirər, gələcək talelərini “yoxlayarlar”. Qədim adətə görə, axır çərşənbə günündə əcdadların, əzizlərin məzarları ziyarət olunar, onların ruhuna dualar oxunar...

Torpaq çərşənbəsinin mərasimləri suya, oda, yelə, həm də torpağa inamı kompleks şəkildə əks etdirir. Sonuncu ilaxır çərşənbəsinin axşamı tonqalın üstündən atılmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə sağlam və ruh yüksəkliyi ilə qədəm qoymaq deməkdir. Xalqımızın Novruzla bağlı düşüncəsinə görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər. Gün çıxmamış su üstündən atılarlar...

Xalq düşüncəsinə görə, Torpaq çərşənbəsi günü evdən qonşuya pul, ələk verməzlər. Şamı yarımçıq söndürməzlər. İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Xalq yaddaşında torpaqla bağlı maraqlı deyimlər var: “Torpaq deyər: öldür məni, dirildim səni”, “Torpaq deyər: sən mənə tər ver, mən sənə zər verim”, “Torpağa əyilən namərdə əyilməz”, “Torpaqla əlləşən xoşbəxtliklə qarşılaşar”, “Torpağa var versən, o da sənə bar verər”, “Torpaqdan pay olmaz” və s.

Ulularımızın torpaq sevgisi, onunla bağlı inancları torpağın bolluq, bərəkət mənbəyi olması ilə əlaqədardır. Torpağımızın bərəkəti əskik olmasın. Bayramınız mübarək!

 

F.Yunisli