Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Özbəkistanda səfərdə olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevlə görüşüb.

AMM-də keçirilən görüşdə Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalov və Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin Teatr və sirk sənətinin inkişafı departamentinin rəhbəri Şorustam Abidov da iştirak ediblər.

Görüşdə Azərbaycan-Özbəkistan arasında teatr sənəti sahəsində əməkdaşlıq, azərbaycanlı müəlliflərin əsərlərinin qardaş ölkənin teatrlarında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb.

Ümummilli lider Heydər Əliyev və özbək yazarı, ədəbiyyatşünas, ictimai və dövlət xadimi Şərəf Rəşidov, iki xalqın böyük şairləri Nizami Gəncəvi və Əlişir Nəvainin obrazlarının yaradılması, habelə Qərbi Azərbaycanla bağlı həqiqətlərin yayılması məqsədilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının iştirakı ilə Özbəkistan səhnəsində sözügedən mövzularda əsərlərin səhnəyə qoyulması və birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Sonda qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olublar.