Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Bölgələrə kitabla gedirik!” şüarı altında kitab sərgisi keçirilib.

10-12 mart tarixlərində keçirilən sərgi "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində ANAİB-in İdarə heyətinin sədri Şəmil Sadiq, Lənkəranın icra başçısının müavini Vüqar Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov və sərginin işçi qrupunun rəhbəri Şöhlət İxtiyaroğlu çıxış ediblər.

Ölkəmizin 10-dan çox aparıcı nəşriyyatının iştirak etdiyi sərgidə nəşr nümunələrinə böyük endirimlər tətbiq olunub.

Üç gün davam edən kitab bayramı üçün zəngin proqram tərtib edilib. Sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir, nağıl saatları və ustad dərsləri keçirilib. Yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof-pedaqoq Mail Yaqub, təlimçi Arzu Paşazadə və başqaları ilə oxucuların görüşü təşkil olunub.

Xatırladaq ki, “Bölgələrə kitabla gedirik!” şüarı altında ənənəvi sərgilər 2021-ci ildən keçirilir. Ötən müddətdə Gəncə və Sumqayıtda sərgilər təşkil olunub.