2018-2021-ci illərdə həftədə bir dəfə Türkiyə telekanallarından birində yayımlanan və Azərbaycan mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən "Azərbaycan rüzgarı" televiziya proqramı yenidən fəaliyyətə başlayıb.

Bu barədə proqramın müəllifi, telejurnalist, İstanbul Universitetinin doktorantı Səidə Ömər bildirib. O deyib ki, proqramın əsas məqsədi Azərbaycanın qədim tarixi, coğrafiyası, tarixi şəxsiyyətləri və zəngin mədəniyyəti ilə bağlı məlumatları Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmaq, ölkəmizi təbliğ etməkdir: “Hazırda Türkiyə ictimaiyyətində bu məlumatlara çox ehtiyac var. Xüsusilə dövlət, ordu, xalqın birliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərindən sonra Türkiyə cəmiyyətində Azərbaycanı, onun Qarabağ bölgəsini daha yaxından tanımaq istəyirlər. Bir azərbaycanlı olaraq məqsədim həm mədəniyyətimizi təbliğ etmək, həm də dünyada alternativi olmayan Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsinə bacardığım xidməti göstərməkdir”.

“Azərbaycan rüzgarı” proqramının hələ öncədən də tamaşaçı rəğbətinə səbəb olduğunu diqqətə çatdıran S.Ömər deyib: “Hesab edirəm ki, bu layihə Türkiyədən dünyaya açılan pəncərədir və bu pəncərə vasitəsilə iki ölkənin qardaşlığının, müttəfiqliyinin ən yaxşı nümunə kimi beynəlxalq aləmə yayılmasını istəyirəm. Odur ki, hər həftənin bazar günü dünya türklərini  Türkiyə vaxtı ilə saat 18:30-da ekran başına dəvət edirəm”.

Qeyd edək ki, layihə yeni formatda Türkiyənin “Ulusal” kanalında hər həftənin bazar günləri efirə çıxacaq. Proqrama dəvət edilən ilk qonaqlar – Türkiyənin Azərbaycandakı Səfirliyinin 1-ci katibi Aygün Qocayeva, Azərbaycanın Milli Məclisini deputatı, tarixçi-alim, professor Musa Qasımlı, Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələr, Türkiyədə baş verən güclü zəlzələnin Azərbaycanda dövləti və cəmiyyəti tərəfindən necə həssaslıqla qarşılanması, iki qardaş ölkənin sarsılmaz əlaqələrinin tarixi faktlara əsaslanmasından bəhs ediblər. Türkiyədə yaşayan, gənc azərbaycanlı  müğənni Elgün Quliyev isə iki ölkənin qardaşlığını musiqi dili ilə ifadə edib.

Mehparə Sultanova
Ankara