Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatı olan Türk Ədəbiyyatı Vəqfi tərəfindən Xalq yazıçısı Anar haqqında iki yeni kitab nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyindən (AYB) bildirilib ki, bunlar İmdat Avşarın tərtib etdiyi “İki əsrin qovşağında bir yazar: Anar” adlı məqalələr toplusu və Pərvin Nurəliyevanın müəllifi olduğu “Çağının önündə bir yazar: Anar” kitablarıdır.

“Tedev yayınları”nda işıq üzü görən birinci kitab Türkiyənin söz-sənət adamlarının, alimlərinin yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən ibarətdir. Topluda Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi müəlliflərin Anarın həyat və yaradıcılığını incələyən yazıları yer alıb. Pərvin Nurəliyevanın kitabında isə ədibin Türk dünyası qarşısında xidmətləri və ümumtürk ədəbiyyatına aid araşdırmaları haqqında məqalə-esselər yer alıb. Kitabı Türkiyə türkcəsinə “Türk ədəbiyyatı dərgisi”nin baş redaktoru İmdat Avşar çevirib.

Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, şair Sərhat Kabaklı deyib: “Beş il öncə İstanbulda ustad Anarın 80 illik yubileyini qeyd edəndə söyləmişdik ki, əziz dostumuz çox yaşasın, yaratsın, biz də onun növbəti yubileylərini təbrik edək. Bu dəfə yubiley çərçivəsində işlərimiz daha genişdir. Anar o, bütün Türk dünyasının ortaq dəyəridir. Həm Pərvin Nurəliyevanın kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş xalqların və onların ədəbiyyatının yaxınlaşması üçün necə böyük işlər görüb...”.

AYB-nin Türkiyə təmsilçisi İmdat Avşar bildirib ki, Anarın yubileyinə həsr etdiyimiz bu iki kitab görmək istədiyimiz işlərin başlanğıcıdır: “Hazırda ustadın nəsr əsərlərini də Türkiyə türkcəsinə yenidən çevirirəm, yaxınlarda İstanbulda üç romanı çapdan çıxacaq. Belə dəyərlərimizi təbliğ etməyə, gənc nəslə tanıtmağa ehtiyac var...”.