2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Cümhuriyyətinin yaradılmasının və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət - iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin 13-15 mart tarixlərində İstanbulda keçirilən XXVI Avrasiya İqtisadiyyat Zirvəsinin iştirakçılarına məktubunda yer alıb.

Məktubda vurğulanır ki, bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir: “Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”.

Qeyd edilir ki, builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. “Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcək. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm”, – deyə məktubda bildirilir.

Bildirilir ki, insan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki zirvə toplantısının mühüm rəmzi mənası var: “Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir”.

Qeyd edək ki, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi zirvə toplantısına bu il 40-dan çox ölkədən nümayəndələr, o cümlədən nazirlər, keçmiş dövlət başçıları qatılıb. “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında XXVI Avrasiya İqtisadiyyat Zirvəsində Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Martın 14-də 26-cı Avrasiya İqtisadiyyat Zirvəsi çərçivəsində “Heydər Əliyev 100 illiyi” adlı panel keçirilib.