Parlament Jurnalistləri Birliyinin təsis etdiyi Şirməmməd Hüseynov mükafatının 2022-ci il üzrə laureatı Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Vilayət Quliyev olub. Martın 14-də mükafat Mətbuat Şurasında laureata təqdim edilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, iki il öncə ustad jurnalist, tədqiqatçı, professor Şirməmməd Hüseynovun (1924-2019) adını daşıyan mükafatın təsis edilməsi alimin zəngin irsinə dərin ehtiramın nümunəsidir. Ş.Hüseynovu Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük tədqiqatçısı adlandıran R.Məcid deyib ki, Cümhuriyyət dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılıb cəmiyyətə çatdırılması görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb.

MŞ sədri həmçinin V.Quliyevin diplomatik fəaliyyətlə bərabər, Azərbaycan elminə mühüm xidmətlər göstərdiyini diqqətə çatdırıb.

“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova həyat yoldaşı Ş.Hüseynovun xalq və dövlət tərəfindən eyni dərəcədə sevilən böyük alim və ziyalı olduğunu vurğulayaraq onun adını daşıyan mükafatın Cümhuriyyət irsini yaşadan dəyərli şəxslərə təqdim edilməsinin əhəmiyyətini qeyd edib.

MŞ İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, V.Quliyev diplomatik fəaliyyəti, Azərbaycan tarixinin və ədəbiyyatının araşdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndirib.

V.Quliyev çıxış edərək göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O, ustad jurnalistin adını daşıyan mükafatın özü üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb. Alim qarşıdakı illərdə də Azərbaycan elminin inkişafı üçün var gücü ilə çalışacağını diqqətə çatdırıb.

Milli Məclisin deputatları Aqil Abbas və Vüqar İsgəndərov, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureata təbriklərini çatdırıblar.

Qeyd edək ki, 2019-cu ildə təsis olunmuş Şirməmməd Hüseynov mükafatının 2020-ci il üçün laureatı görkəmli diplomat, araşdırmaçı Ramiz Abutalıbov (1937-2022), 2021-ci ildəki lauretı isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.