Martın 12-də Ankara şəhərində Ukraynanın milli şairi Taras Şevçenkonun (1814–1861) xatirəsinə həsr edilən mərasim keçirilib. Tədbir Ukraynanın Türkiyədəki Səfirliyi və Ankarada fəaliyyət göstərən “Ukrayna” dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə Türkiyədəki Ukrayna diasporunun üzvləri, Türkiyə iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar şairin həyat və yaradıcılığından, Ukrayna milli kimliyinin formalaşmasında rolundan bəhs edib. Diplomat T.Şevçenkonun əsərlərinin Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un dəstəyi ilə türk dilinə çevrildiyini və kitab şəklində nəşr ediləcəyini də diqqətə çatdırıb: “Əminəm ki, Taras Şevçenkonun şeirlərini türk dilində oxuyanlar şairin yaradıcılığı ilə daha yaxından tanış olmaq fürsəti əldə  edəcəklər”.

Şair, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko Ukrayna ədəbiyyatının, milli düşüncəsinin inkişafında, Ukrayna xalqının istiqlal mübarizəsində mühüm rol oynayıb. Mübariz şair Qazaxıstana sürgün edilib, orada qazax-türk mədəniyyəti ilə tanış olub. Bəzi əsərlərində qazax xalq rəvayətlərinə yer verib.

Yaradıcılığı ilə dünya ədəbi irsinə də böyük töhfə verən Taras Şevçenkonun əsərləri bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

Onun məşhur “Vəsiyyət” şeiri ayrı-ayrı şairlər tərəfindən bir neçə dəfə Azərbaycan dilinə çevrilib:

Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var!
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar!

Mənim Ukraynamdan yuyub aparsa,
Dnepr yad qanını mavi dənizə,
Onda mən sözümü deyərəm qısa,
Unudub tarlanı, dağı… nə isə,
Son verib fəğana, son verib aha,
Dua eyləyərəm onda Allaha.
Çiçək açmayınca bax, bu arzular,
Edərəm yenə də hər şeyi inkar.

Məni basdırınız, üsyan ediniz,
Qırıb yox ediniz o qandalları.
Düşmənin qanını axıtmaqla siz
Azad olarsınız, biliniz barı.
Mən isə gələcək böyük, şən, xoşbəxt,
O azad və yeni ailənizdə
Xatırlayarsız, hər zaman hər vaxt,
Adımı çəkərək şən dilinizdə.

Mehparə Sultanova
Ankara