Martın 15-də ADA Universitetində 9-cu Bahar Gənclik Festivalı keçirilib. Festival ADA Universiteti Fondu (Azərbaycan) və “Coca-cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

ADA Universitetinin ənənəvi yaz tədbiri sayılan festival çərçivəsində bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinə məxsus nümunələr və Novruz şirniyyatları nümayiş etdirilib.

Bayram tədbirində universitetin yerli və xarici tələbələri, professor-müəllim və işçi heyəti, həmçinin tərəfdaş qurumların nümayəndələri bir araya gəliblər.

Xalq artisti Röya Ayxan və DJ Çinanın iştirak etdiyi, ADA tələbələri və əməkdaşlarının qoşulduğu əyləncəli tədbir “Ən yaxşı xonça” müsabiqəsi ilə yadda qalıb. Müsabiqədə qalib gələn iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

ADA Universitetinin işçi heyətindən ibarət rəqs və musiqi qrupunun ifaları tədbirə xüsusi rəng qatıb. Həmçinin festival məkanında təşkil edilən və Novruz bayramı ilə bağlı icra olunan rituallarda iştirak isə qonaqların xüsusilə marağına səbəb olub.

Qeyd edək ki, ADA Universitetinin ənənəvi yaz tədbiri olan Bahar Gənclik Festivalı təbiətin oyanışını, eləcə də milli-mənəvi dəyərlərimizi və icma ruhunu əks etdirir. Bu festival həmçinin universitetlə özəl sektorun tərəfdaşlığının uğurlu nümunəsidir.