Avstriyanın Vyana şəhərində keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşü çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Tədbirin təşkilində əsas məqsəd münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, media ekspertlərinin məsələ ilə bağlı fikirlərinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılmasıdır.

Geniş auditoriya üçün “açıq qapı” formatında keçirilən tədbirdə iştirakçı dövlətlərin jurnalistləri, media mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

MEDİA-nın Beynəlxalq əlaqələr və strateji planlaşdırma qrupunun rəhbəri, medianın inkişafı məsələləri üzrə mütəxəssis Rasim Bağırovun moderatorluğu ilə keçirilən tədbirdə Dr. Bruno Kreiski Fondunun Müasir Siyasi Tarix üzrə Təhlillər İnstitutunda elmi işçi, Vyanada yerləşən Karl Renner İnstitutununda hüquq və siyasət məsləhətçi Anis Bajrektarevic, Çin və Qloballaşma Mərkəzinin əməkdaşı, “China Daily”, “China Global TV Network”, “China Radio International”ın şərhçisi Harvey Dzodin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva, və jurnalist, bloger Adnan Hüseyn çıxış ediblər.

Jurnalist peşəsinin cəmiyyətdə ən vacib və əsas peşələrdən biri olduğunu qeyd edən Anis Bajrektarevic jurnalistlərin münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərdiyini bildirib. O, jurnalistlərin müxtəlif həyati risklərlə üzləşdiyini, onların xüsusilə mina və digər partlayıcı vasitələrin partlaması nəticəsində həlak olduğunu və ya ağır yaralandığını qeyd edib. Bildirib ki, peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün jurnalistlərin təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin edilməsi vacibdir.

Yeganə Hacıyeva çıxışında jurnalistlərin münaqişələri işıqlandırarkən nəzərə almalı olduğu məqamlar, münaqişə və jurnalistika anlayışları arasındakı əlaqənin tənzimləməsində beynəlxalq standartların lokal istifadəsi barədə danışıb. O, Ermənistan tərəfindən işğal zamanı Azərbaycan ərazilərində basdırdıqları minaların qurbanı olmuş azərbaycanlı jurnalistlər haqqında da məlumat verib.

Harvey Dzodin münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, xüsusilə minaların basdırıldığı yerlərin təyin edilməsi üçün müxtəlif texnologiyaların tətbiqinə diqqət çəkib, bu istiqamətdə özəl şirkətlərlə səmərəli əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

Adnan Hüseyn istər beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın müddətdə işğalı zamanı, istərsə də Vətən müharibəsindəki Qələbədən sonra uzun illər Azərbaycan həqiqətlərinin bir çox hallarda mediada saxta və qərəzli şəkildə işıqlandırıldığını bildirib.

Tədbirdə münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.