Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın (1923-1985) 100 illik yubileyinə həsr olunmuş “Nurdan yaranıb nura qovuşan insan” adlı xatirə gecəsi keçirilib.

Tədbirdə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər dövlət orqanların rəhbər şəxsləri, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakı Konqres Mərkəzində keçirilən xatirə gecəsində səhiyyə naziri Teymur Musayev,  AMEA-nın prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın – müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdardır. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat örnəyidir. O, peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb. Beləliklə, akademik Zərifə Əliyeva cəmiyyətşünas alim həkim kimi yeni bir nümunə ortaya qoyub.

Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara.

Tədbir “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub. Xatirə gecəsi musiqili- bədii kompozisiya ilə davam edib.