Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litva Respublikasına səfəri çərçivəsində ölkə prezidentinin təhsil, elm və mədəniyyət sahələri üzrə müşaviri Vilma Backiute və Litva xarici işlər nazirinin müavini Jonas Survila ilə görüşlər keçirib.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva arasında imzalanmış əməkdaşlıq memorandumunun əsasında qarşılıqlı fəaliyyətdən söz açılıb. Litvanın ərazisində yaşayan türk etnik kökənli xalqlara – tatarlara və karaimlərə dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətindən bəhs olunub. Litvada 2021-ci ilin “Tatarların tarixi və mədəniyyəti ili”, 2022-ci ilin isə “Karaimlərin tarixi və mədəniyyəti ili” elan olunması bunun bariz nümunəsi kimi vurğulanıb.

Litvanın birinci xanımı Diana Nausediene və xarici işlər naziri Qabrielius Landsberqisin Bakıya səfəri zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarəti məmnuniyyətlə qeyd olunub. Fondun Avropada əməkdaşlıq əlaqələrini genişləndirməsi yüksək dəyərləndirilib.

Görüşlərdə Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev, Litvanın ölkəmizdəki səfiri Egidius Navikas iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Litvaya səfəri çərçivəsində Trakai şəhərində əsrlər boyu yaşayan Litva karaimlərinin nümayəndələri ilə görüşüb. O, Litva karaimlərinin tanınmış nümayəndəsi, diplomat, tərcüməçi Halina Kobeckaiteyə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında göstərdiyi xüsusi xidmətlərə görə təşkilatın təsis etdiyi “Dədə Qorqud” mükafatını təqdim edib.

Günay Əfəndiyeva Azərbaycanın Litvadakı Səfirliyində tatar icmasının nümayəndələri ilə təşkil olunmuş görüşdə də iştirak edib.